Rəvayətlərə görə, bir gün dəvə ticarəti ilə məşğul olan üç şərik üzləşdikləri anlaşılmazlığın həllini tapmaq üçün İmam Əlinin (ə.s) yanına gəlirlər.
Onlar öz aralarında 17 dəvəni bölmək istəyirdilər, lakin bu mümkün olmurdu. Birinci tacir deyirdi: “Sərmayənin yarısı mənə aid idi”, ikincisi: “Mən də üçdə birinə şərik idim”, üçüncüsü: “Mənə düşən hissəsi isə, doqquzda bir idi”. Onlardan biri İmama müraciət edib: “Dəvələri aramızda bölə bilmirik, siz olsaydınız, necə həll edərdiniz?”.
İmam Əli (ə.s) dəvəsini gətirib onların dəvələrinin yanında saxlayır və birincisinə deyir: “İndi dəvələrin cəmi 18 oldu, sənin haqqın sərmayənin yarısı idi, 9 dəvəni götür, çıx, kənara baxaq”, ikincisinə: “Səninki də üçdə bir idi, sən də 6 dəvəni götür, kənara çıx, baxaq”, üçüncüsünə də: “Sənin haqqın sərmayənin doqquzda biriydi, sən də 2 dəvəni götür, kənara çəkil, baxaq və yerdə qalan bu bir dəvə də mənim dəvəm idi”, – deyə İmam (ə.s) onların dəvələrini böldü.