Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ölkədə İslam bankçılığının inkişafı üçün təkliflər hazırlayıb. Bu barədə fevralın 18-də APA xəbər verib.

ASK-ın İdarə heyəti sədrinin müavini Vüqar Zeynalovun sözlərinə görə, ölkədə bir çox inanclı insanlar iqtisadiyyatdan kənarda qalıb. Həmin insanlar iqtisadiyyatın əhəmiyyətli hissəsidir. “Onların maliyyəsini biz iqtisadiyyatda istifadə edə bilmirik. Düşünürəm ki, TÜRKPA-nın islam maliyyəsi təcrübəsinin tətbiqi Parlament Assambleyasının üzv ölkələrində sürətləndirilsə və yaxud müvafiq qanunvericilik yaradılsa, biz onu tezliklə Azərbaycanda tətbiq edə bilərik”.

Sədr müavini qeyd edib ki, hazırda ölkədə maliyyə alətlərinin çeşidi hələ də azdır, çeşidlərin artırılmasında isə İslam bankçılığı əlavə bir alətdir.

Burada qanunvericilikdə dəyişikliklər olmalıdır. Bu dəyişikliklər olandan sonra islam bankları Azərbaycana gəlməlidir. Hazırda bir bank artıq ölkədə fəaliyyət göstərir. Qanunvericiliyin üzərində hazırda işlər aparılır və biz öz təkliflərimizi təqdim etmişik”, – deyə Vüqar Zeynalov əlavə edib.

Ötən ilin may ayında Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun İslam İnkişaf Bankı (İİB) Qrupunun Prezidenti Bəndər Həccar ilə videokonfrans formatında görüşü keçirilib. Bildirilib ki, həmin tarixədək İİB tərəfindən Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb.