Bu gün, rəcəb ayının 15-i (17 fevral) Həzrəti Zeynəbin (s.ə) vəfatı günüdür. Zeynəbi Kubra (s.ə) İmam Əli (ə.s) və Xanım Zəhranın (s.ə) üçüncü övladı, İmam Həsənin (ə.s) və İmam Hüseynin (ə.s) bacısıdır. “Zeynəb” adı ərəb dilində “atasının zinəti” mənasını daşıyır və rəvayətlərə görə, adını ona babası Məhəmməd Peyğəmbər (s) verib. Həzrəti Zeynəbin ləqəbləri Əqilə (dəyərli və hörmətli qadın), Siddiqeyi-Kubra, Arifə, Alimə, Fazilə, Kamilə və Abideyi-Ali-Əli olub.
Həzrəti Zeynəb (s.ə) hicri-qəməri təqvimi ilə 5-ci və ya 6-cı ilin cəmadiul-əvvəl ayının 5-də Mədinədə dünyaya göz açıb. Peyğəmbər (s) Zeynəbi Kubranı (s.ə) ilk qız nəvəsi olaraq çox sevərdi və əzizləyərdi.
Həzrəti Zeynəb uşaqlığını Əhli-Beyt (ə.s) ailəsində keçirir, təqribən 5 yaşında isə babası Peyğəmbər (s) əbədiyyətə qovuşur. Bundan 2-3 ay (bəzi rəvayətlərdə 6 ay) sonra isə Həzrətin anası şəhadətə çatır. Xanım Zeynəb yetkinlik yaşına çatdıqda İmam Əlinin (ə.s) qardaşı oğlu Abdullah ibn Cəfərlə evlənir. İbn Cəfər görkəmli və səxavətli insanlardan idi. Bu ailədən Əli, Ovn, Abbas, Məhəmməd və Ümmü-Gülsüm adlı uşaqlar dünyaya gəlir. Xanım Zeynəbin (s.ə) İmam Hüseynə (ə.s) qarşı sevgisi çox olduğundan, o, həyat yoldaşı ilə əhd bağlayır ki, nə vaxt İmam Hüseyn (ə.s) səfərə düşərsə, Xanım da (s.ə) onunla birgə gedəcək.
Hicrətin 40-cı ilində Xanım Zeynəb (s.ə) atası İmam Əlinin (ə.s) şəhadətinin şahidi oldu. Təqribən 10 il sonra qardaşı İmam Həsən (ə.s) şəhadətə yetişib. İmam Hüseynin (ə.s) imamət dövrü Xanım Zeynəb üçün ən ağrılı dövr idi. Bu dönəmdə Həzrəti çoxlu müsibətlər ilə üzləşdi. Xanım Zeynəbin (ə.s) ən ağır günləri Kərbəla faciəsi olur. Həmin döyüşdə Həzrəti Zeynəb (s.ə) qardaşı İmam Hüseyni (ə.s), övladlarını, qardaşı uşaqlarını itirir. Kərbəladan sonra Xanım Zeynəb (s.ə) Əhli Beyt əsirləri ilə Şama aparılır. Orada o, Yezidin qarşısında tarixi xütbə deyir. Bu xütbə əsrlər boyunca dillərdə əzbərdir.
Xanım Zeynəbin (s.ə) həyat hekayəsinə görə ona “müsibətlər anası” adı verilib. Peyğəmbər (s) buyurmuşdur: “Ümmətimə tövsiyə edirəm ki, bu qızın hörmətini qoruyub saxlasınlar. Həqiqətən, o, Xədiceyi-Kubraya bənzəyir”. Bu o deməkdir ki, Xədiceyi-Kubranın (s.ə) İslamda fədakarlıqları olduğu kimi, Xanım Zeynəb (s.ə) də fədakarlıqları, dözümlülüyü, şücaət və mübarizəsi ilə tanınır.
Xanım Zeynəb (s.ə) hicrətin 62-ci ilinin rəcəb ayının 14-ü 57 yaşında Şam şəhərində vəfat edib. Bu gün onun hərəmi milyonlarla insanın ziyarət yerinə çevrilib.