Fevralın 15-də Milli Məclisin deputatı Könül Nurullayeva məscidlərə edilən ianələrin elektron qaydada yığılması barədə fikir bildirib. Bu barədə Trend xəbər verib.

Deputatın sözlərinə görə, ianələrin bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edilməsi dünya təcrübəsində uzun müddətdir tətbiq olunur. Könül Nurullayeva onu da qeyd edib ki, insanların nəzir qutularına atdığı pulların sonrakı aqibətindən xəbəri olmur. Parlament rəsmisi hesab edir ki, qanunda edilən dəyişiklik məsələnin həllinə yardım ola bilər.

Bundan əlavə, deputat ianələrin elektron qaydada yığılmasının şəffaflığı məsələsinə də toxunub. Onun sözlərinə görə, qanunda toplanan vəsaitlərin xərcləri barədə vətəndaşları məlumatlandırmaq nəzərdə tutulmasa, o zaman yeni qanunun uğurlu nəticə verməsində çətinliklər yaranacaq.

“Hesab edirəm ki, 18-ci maddədə dini qurumlar tərəfindən qəbul edilən pul vəsaitlərinin onlayn şəkildə qəbul edilməsi qaydası nəzərdə tutulsa da, layihədə həmin pul vəsaitlərinin hesabatlılığının təmin edilməsi mexanizmini müəyyənləşdirən normalar öz əksini tapmayıb. Belə normaların olmaması bu məsələdə şəffaflığın təmin olunmasına, həmçinin ianələrin sonrakı aqibəti barədə insanları məlumatlandırmağa maneə yaradacaq”, – deyə Nurullayeva əlavə edib.

Yanvarın 26-sı Milli Məclis dini qurumlara verilən ianələrin elektron qaydada həyata keçirilməsi mövzusunu müzakirəyə çıxarıb. Hazırda yeni qərar parlamentin birinci və ikinci oxunuşunda təsdiq edilib. Qərar üçüncü oxunuşda da öz təsdiqini tapsa və sonra həmin dəyişikliklər prezident tərəfindən qəbul olunsa, qərar qüvvəyə minəcək.