Fevralın 15-də Milli Məclisin plenar iclasında “Dini etiqad haqqında” qanunun müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı və parlament sədrinin müavini Fəzail İbrahimli arasında mübahisə yaranıb. Bu barədə Report xəbər verib.
Deputat M.İbrahimqızı Azərbaycanda mollaları qara geyimdə görmək istəmədiyini bildirib. Bundan öncə, fevralın 1-də M.İbrahimqızı ölkədə qadın mollaların savadsızlığı haqda danışıb. O, bu məsələni Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayevlə müzakirə etdiyini qeyd edib. Lakin QMİ rəsmisi bununla heç bir şey edə bilmədiyini söyləyib.
Parlamentin bugünkü iclasında isə deputat qanuna dəyişiklik təklifini təqdim etsə də, vitse-spiker cavabında yer üzündə cəhalətə qarşı qanun qəbul etmiş və ya cəhalətin kökünün kəsildiyi bir ölkə olmadığını deyib. “Onu deyim ki, siz bu ideyanı Hacı Salmandan alırsınız”, – parlamentin sədr müavini qeyd edib.
Məlahət İbrahimli isə Fazail İbrahimliyə bütün sahələrdə cahillik hallarının olmasını xatırladıb. “Biz bu gün cəmiyyətdə gördüyümüz neqativləri deməliyik. Heç kəs də sizə səlahiyyət verməyib ki, yetənə daş atasınız, yetməyənə də güllə atasınız. Mən parlamentə dünən gəlməmişəm. Mənə 5 dəfə etimad göstərilib. İnsanlar nə etsin?! Mollanı dəvət edir. Fəzail müəllim, bu, sizə yaraşmaz. Siz məni nümunə çəkməməlisiniz. Sonuncu dəfə sizə bildirirəm”, – deyə deputat əlavə edib.
Yanvarın 26-sı Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunda bir sıra yeniliklər baş verib. Belə ki, ibadət evlərinə din xadimi təyin etmə hüququ QMİ-dən alınıb. Məscidlərin din xadimləri işdən çıxarıldıqda dini icma öz fəaliyyətini davam edəcək. Bundan əlavə, dini qurumlara verilən ianələr plastik kart və elektron ödəmə sistemləri vasitəsilə ediləcək.