Bu gün, fevralın 15-də əyyəmul-beyzin ilk günüdür. Rəcəb, Şaban və Ramazan aylarının 13, 14 və 15-ci günlərinə Əyyəmul-beyz, yəni “bəyaz günlər” deyilir. Ayın bədirlənməsi səbəbindən qeyd olunan günlərin gecələri daha da işıqlı olur.

Hədislərdə bu günləri oruc tutmaq, gecələri isə ibadət etmək tövsiyə olunur. İmam Sadiq (ə.s) buyurub: “Rəcəb ayı əyyamul-beyzdə bir günün orucuna görə Allah-Taala bir illik orucun savabını verər”. Bu günlərdə, həmçinin qüsl almaq və sədəqə vermək də bəyənilir.

Əyyəmul-beyz günləri Ummu Davud duasını oxumaq, Salman Farsi namazını qılmaq və İmam Hüseynin (ə) xüsusi ziyarətnaməsini oxumaq tövsiyə olunur. Bundan əlavə, bu günlərin xüsusi namazı da var.

Namazın qılınma qaydası belədir:

13-cü gecə iki rükətli namaz qılınır. Hər rükətdə “Fatihə” surəsindən sonra “Ya Sin” , “Mülk” və “İxlas” surələri oxunur. 14-cü gecə də eyni qayda ilə dörd rükətli (iki dəfə iki rükətli) namaz qılınır. 15-ci gecə isə eyni qayda ilə altı rükətli (üç dəfə iki rükətli) namaz qılınır.