Bu gün rəcəb ayının 13-ü (fevralın 15) Əmirəlmöminin Əli ibn Abu Talibin (ə.s) mövlud günüdür. İmam Əli məsum imamların birincisidir. O, Həzrət Peyğəmbərin (s) gətirdiyi dini ilk qəbul etmiş kişidir.
İmam Əli (ə.s) hicrətdən 23 il əvvəl rəcəb ayının 13-ü Kəbə evində dünyaya gəlib. Həzrətin atası Abu Talib Məkkəyə gələn heyətlərin su paylama vəzifəsini icra edirdi. O, bütpərəstliyi rədd edərək təkallahlıq dinində olmuşdur. Abu Talib qız uşaqlarının diri-diri basdırılmasını, məhrəmlərin evlənməsini, zinanı, şərab içməyi qadağan etmişdir. İmam Əlinin (ə.s) anası Fatimə bint Əsəd Peyğəmbərə (ə.s) ilk iman gətirənlərin sırasındadır.
Rəvayətlərə görə, hamının gözlərinin qarşısında Kəbənin divarları dağıldı və İmam Əlinin (ə.s) anası içəriyə daxil oldu. Sonra isə divar bitişərək köhnə halına gəldi. Hamı təlaşla Kəbənin qapısını açmaq istəyirdi, lakin qapı açılmırdı. Sonra isə bu hadisədə Allahın bir hikməti olduğunu anladılar. Üç gün sonra Həzrətin anası qucağında nur parçası kimi bir körpə ilə Kəbədən çıxdı və dedi: “Qeybdən gələn bir səs bu körpənin adını Əli qoymamı istədi”.
Gənc yaşlarından valideynlərini itirən İmam Əli (ə.s) uşaqlığını Peyğəmbərin (s) evində, onun tərbiyəsi altında keçirmişdir. O, daim Allah Rəsulunun yanında olmuş və bircə dəfə olsun belə, onun sözündən çıxmamışdır. Peyğəmbər (s) öz qızı Fatiməni (s.ə) İmam Əli (ə.s) ilə evləndirib və bu ailədən İmamət davam etdirilib. Qədir-Xumda isə Həzrəti Məhəmməd (s) özündən sonra İmam Əlini (ə.s) canişin təyin edib. Bu hadisədən sonra Maidə surəsinin 3-cü ayəsi nazil oldu: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”.
Müttəqilərin mövlası, elm və hikmət çeşməsi Əli ibn Abu Talib (ə.s) hicrətin 40-cı ili ramazan ayının 19-da Kufə məscidində namaz qılarkən hücuma məruz qalıb. O, Əbdürrəhman ibn Mülcəm tərəfindən qılınc zərbəsi ilə başından yaralanıb. Həzrət ramazanın 21-ci gecəsi (cümə gecəsi) şəhadətə çatıb. İmam İraqın Nəcəf şəhərində dəfn olunub və bu gün onun məzarı milyonlarla insanın ziyarət yerinə çevrilib.