Bu gün, fevralın 14-də psixoloq Vəfa Əkbərin adlarla bağlı söylədiyi fikri sosial şəbəkələrdə rezonans yaradıb.

Vəfa Əkbər məktəblərdə bir sinifdə eyni adlı bir neçə uşağın olduğunu vurğulayaraq bildirib ki, belə hallar insanın fərdiyyət duyğusunu öldürür. Belə ki, uşaqlara əlavə ləqəb qoymaq ehtiyacı yaranır. “Bu gün bir sinifdə bəlkə bir beş dənə Məhəmməd, üç dənə Zəhra, Fatimə, Zeynəb var. Deyirlər Həsən, hansı Həsən? Gombul, toppuş”-, deyə psixoloq əlavə edib. Onun sözlərinə görə, artıq adın qarşısına uşağın fiziki görünüşü əlavə edilir.

Psixoloqun bu sözləri dindar kütlənin qınağına səbəb olub. Belə ki, insanlar Vəfa Əkbərin məhz dini adları vurğulamasını məqsədəuyğun hesab etmirlər. İstifadəçilərin əksəriyyəti məktəblərdə bir sıra problemin olduğu halda məhz bu məsələyə toxunulma ilə razı deyillər. Psixoloq isə öz növbəsində verdiyi müsahibəsində təhqirin olmamasını qeyd edib. “Sizə dini ad qoyma deyən var? Həsən qoyma, Cəfər qoy. Əli qoyma, Sadiq qoy. Fatimə qoyma, Gülsüm qoy. Bunlar imam adları deyil?”, – deyə Vəfa Əkbər bildirib.

Ədliyyə Nazirliyinin verdiyi statistikaya əsasən, 2021-ci ildə dünyaya yenicə gəlmiş körpələrə ən çox dini adlar verilib. Belə ki, oğlan uşaqları arasında ən çox qoyulan ad Əli – 1624 uşaq, qızlar arasında isə Zəhra adı olub – 1625 uşaq.

Bundan öncə, dekabrın 5-i məddah Seyyid Peyman Boradigahi “12 İmam” adlı klip çəkdirib. Lakin həmin klipin məktəbdə azyaşlıların iştirakı ilə çəkilməsi bir sıra insanların qınağına səbəb olub. Tənqidlər üzündən məddah klipi silərək yenisini çəkmək qərarına gəlib.