Şəkinin Gileyli məscidinin təmir-bərpa işlərində yeyintiyə yol verilmə halı aşkar edilib. Bu barədə fevralın 14-də APA xəbər verib.

Məscidin minarəsində həyata keçirilmiş 1099707,34 manat dəyərində bərpa-gücləndirmə işlərində maddi vəsaitin səmərəsiz və nəticəsiz istifadəsi üzə çıxıb.

Maliyyə pozuntusu Hesablama Palatası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində aparılan yoxlama zamanı aşkarlanıb. Məlumata görə, 2014-2020-ci illərdə 13 abidənin bərpası üzrə 603 570 manat məbləğində 13 satınalma müqaviləsi bağlanıb. Lakin 01.01.2021-ci il tarixinədək həmin abidələrdən yalnız Şəki şəhərindəki Gileyli məscidinin minarəsi təmir olunub. Minarənin layihə-smeta xərci 75543,6 manat təşkil edib.

Gileyli məscidi Şəki şəhərində yerləşən, XVIII əsrdə inşa edilmiş tarixi məsciddir. İbadətgah 1749-cu ildə Şəki xanı Hacı Çələbi xan tərəfindən inşa edilib. 1805-ci ildə isə həmin məscidin yerində Hacı Şəmsəddin bəy yeni məscid tikdirib. Bundan sonra ibadət evi xalq arasında “Hacı Şəmsəddin bəy məscidi” kimi tanınmağa başlayıb.