Fevralın 13-də Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva Ağdam Cümə məscidini ziyarət ediblər. Bu barədə president.az xəbər verib.

Dövlət başçısı Ağdama səfəri çərçivəsində rayonun Cümə məscidini ziyarət edərək, onun bərpası işləri ilə tanış olub. Daha sonra İlham Əliyev burada çıxış edib.

İbadətgahın bərpa-restavrasiyasına Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Layihənin icrası üçün Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti ilə müqavilə imzalanıb. Məscidin bərpa mərhələləri barədə məlumat president.az saytında almaq mümkündür.

Məscid Ağdam şəhərinin mərkəzində, A.İbrahimov küçəsində yerləşir. İbadət evi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfi Xan Qarabaği tərəfindən inşa edilib.

23 iyul 1993-cü il tarixində Ağdam şəhəri ermənilər tərəfindən işğal olunub. Bu dövrdə şəhərin Cümə məscidi erməni vəhşiliyi nəticəsində yararsız vəziyyətə gətirilib. İşğal dövründə ibadətgah donuzxana və ferma kimi istifadə olunub. Lakin 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı üçtərəfli bəyanat nəticəsində Ağdam şəhəri işğaldan azad edilib.

Ağdam şəhər Cümə məscidi ölkə əhəmiyyətli abidə hesab edilir.