Bir gün dövrün xəlifəsi Məmun qızı Ümmü Fəzli İmam Cavadla (ə.s) evləndirməyə qərar verir. Abbasilər bundan narahat olur və bu qərara qarşı çıxırlar. Onlar xəlifənin bu işinin bəzi gözlənilməz nəticələr doğuracağını güman edirdilər. Buna görə də Məmunun yanına gəlib xilafətin Abbasilərin əlindən çıxa biləcəyini bildirib, ondan qərarından imtina etməsini istədilər. Abbasilər İmam Cavadın hələ uşaq olduğunu, din və fiqhdən bir şey bilmədiyini deyirlər. Lakin Məmun cavabında deyir: “Mən onu sizdən yaxşı tanıyıram. O, elmləri “lədünni” olan və ilahi ilhamlardan qaynaqlanan ailədəndir. Bu məsələyə aydınlıq gətirmək üçün, istədiyiniz zaman onu sınaqdan keçirə bilərsiniz!”.
İmam Cavadla (ə.s) münazirə üçün məşhur qazı və fəqihlərdən sayılan Yəhya ibn Əksəmi seçirlər. Abbasilər Yəhyadan çətin suallar hazırlamasını tələb edirlər və İmamın onun suallarına cavab verə bilməyəcəyi təqdirdə, Yəhyaya var-dövlət verəcəklərini vəd verirlər.
Nəhayət, bir gün münazirəni dinləmək üçün Abbasilər və Məmunun özü yığıncaqda iştirak edirlər. Yəhya ibn Əksəm Həzrətə sual verir: “Ehram geyən şəxsin heyvan öldürməsinin hökmü nədir?”
İmam Təqi (ə.s) sualın cavabında bir neçə sual soruşur: “Heyvanı hərəmdə öldürmüşdür, yoxsa onun çölündə? Heyvanı öldürən ehramlı şəxs hökmü bilmədən bu işi görüb, yoxsa bilərəkdən? Səhvən öldürüb, yoxsa bilə-bilə? Ehram geyən şəxs azaddır, yoxsa kölə? Məkkəyə gedərkən öldürüb, yoxsa Məkkədən qayıdarkən? Öldürülən heyvan quş cinsindəndir, yoxsa başqa bir cinsdən? Kiçikdir, yoxsa böyük? Ehramlı şəxs bu işindən peşmandır, ya yox? Bu işi gündüz görüb, yoxsa gecə? Ümrə halında imiş, yoxsa həcc halında?”.
İmam (ə.s) məsələnin bütün yönlərinə toxunduqda, Yəhya həyəcan içərisində qalıb özünü itirir və məğlub olduğunu anlayır. Bu vəziyyətdən razılığını bildirən Məmun, Abbasilərə xitabən deyir: “İndi, imam Cavad (ə) haqqında doğru mövqedə olduğumu anladınızmı?”. Sonra qızı Ümmü Fəzli o həzrətlə evləndirir.