Bu gün rəcəb ayının 10-u (12 fevral) İmam Muhəmməd Təqinin (ə.s) mövlud günüdür.
İmam Təqi (ə.s) Əhli Beytin (ə.s) 9-cu İmamıdır. O, hicrətin 195-ci ilində Mədinə şəhərində dünyaya gəlib. Həzrət Muhəmməd (ə.s) İmam Mehdidən (ə.f) sonra ən gənc İmamdır. Belə ki, o, 8 yaşında müsəlmanlara rəhbər təyin olunub. İmamın adı Muhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddır.
Rəvayətlərə görə, kiçik olmasına baxmayaraq, İmam Cavad (ə.s) atası şəhid edildikdən sonra onu elə həmin gün Xorasanda Məmunun sarayında ziyarət edib. Hazırda Məşhəd şəhərindəki İmam Rzanın (ə.s) hərəminə aparan qapılardan biri bu hadisəyə işarə olaraq “Babul-Cavad” (Cavad qapısı) adlanır.
Hicrətin 218-ci ilində dövrün xəlifəsi Məmun vəfat edir. Ondan sonra hakimiyyətə qardaşı Mötəsim gəlir. O, İmam Cavadı (ə.s) öz nəzarəti altında saxlamaq məqsədi ilə 220-ci ildə Həzrəti Mədinədən Bağdada gətirir. Qəlbində İmam Təqiyə qarşı düşmənçilik və kin-küdurət bəsləyən Mötəsim Həzrəti öldürmək fikrinə düşür. O, öz məqsədini həyata keçirib, İmam Cavadı vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. Beləcə, İmam Muhəmməd Təqi 25 yaşında ikən şəhidliyə ən tez çatan İmam olur. Həzrətin məzarı İraqın Kazimeyn şəhərində, babası İmam Kazimin (ə.s) məzarı yanında yerləşir.
Bu gün, həmçinin İmam Hüseynin (ə.s) oğlu Həzrət Əliəsğərin (ə.s) mövlududur. O, Kərbəla hadisəsində şəhid olanların ən azyaşlısıdır. Əliəsğər körpə idi və düşməni ilə döyüşəcək vəziyyətdə deyildi. Lakin buna baxmayaraq, hicri-qəməri təqvimi ilə 61-ci il məhərrəmin 10-u Yezid ordusunun əsgəri Hərmələ Həzrət Əliəsğəri qətlə yetirib.
Onun şəhadətindən sonra İmam Hüseyn (ə.s) üzünü göyə tutaraq buyurub: “Allahım! Bizim intiqamımızı cəfakarlardan al!”. Həzrət oğlunun bədənini onun boğazından axan qana boyayıb, onu Kərbəlada dəfn edib.