Qafqazi ləqəbi ilə tanınan məşhur azərbaycanlı alim Şeyx Fazil Lənkərani Ayətullah əl-Üzma Məhəmməd Fazil Lənkəraninin atasıdır. O, 1892-ci ildə Lənkəranın Ərkivan (indi həmin kənd Masallıdadır) kəndində anadan olub. Şeyx Qafqazinin atası Hacı Bəşir dindar bir tacir olub.

Fazil Qafqazi gənc yaşlarından islam elmlərinə maraq göstərib. İbtidai dini təhsilini kəndin alimi Məhəmmədquludan almışdır. 22 yaşında isə o, İranın Ərdəbil şəhərinə köçür və orada Seyyid Mahmud Ərdəbilidən dərs alır. Bundan sonra Şeyx Lənkərani Zəncana köçərək, 3 il müddətində təhsilini Axund Molla Məhəmməd Təqi Müdərrisi və Saleh Mirzə Nəqinin yanında davam etdirir.

Təhsilini bitirdikdə isə o, Ərkivana qayıdır və kənddə İslam təbliğatı ilə məşğul olmağa başlayır. Lakin o zamanlar Azərbaycanda bolşeviklər dindarlara qarşı təzyiq göstərirdi və buna görə də Fazil Qafqazi İrana geri qayıtmağa məcbur olur. O, əvvəlcə Məşhəddə təhsil alır, 1930-cu ildə isə Qum şəhərinə köçür və şəriət elmlərini öyrənir.

Ayətullah Fazil Qafqazi Qum şəhərinin Ələvi seyyidlərindən olan Musa Mübrəqənin nəslindən bir xanımla evlənir. Bu evlilikdən Məhəmməd Fazil Lənkərani kimi böyük İslam alimi dünyaya gəlir.

Daha çox ictimai fəaliyyətlə məşğul olduğuna görə, Fazil Qafqazidən qalan əsərlərin sayı azdır. Lakin “Nətaicul-əfkar”, “Ayətullah Burucerdinin dərslərinin təqriratı”, “Səlat və üsulun haşiyəsi” kimi əsərlər günümüzədək gəlib çatmışdır.

Ayətullah Fazil Qafqazi Lənkərani 1972-ci ildə vəfat edib. Onun cənazəsi Qum şəhərində yerləşən Hacı Şeyx Əbdülkərim qəbiristanlığında dəfn olunub.

Mənbə: Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.