Kazanda məscid insanlara pulsuz mənəvi və psixoloji yardım göstərir. Bu barədə fevların 10-u İQNA xəbər verib.

Sosial layihə Tatarıstanın paytaxtı Kazanın Qail məscidində həyata keçirilir. İnsanlar məscidə zəng edərək psixoloji yardım ala bilərlər. Telefon nömrəsi bütün Rusiyada işləyir və məscidə ölkənin istənilən yerindən, istənilən telefondan zəng etmək mümkündür. Zəng müddətindən asılı olmayaraq istənilən mobil və ya şəhər telefonundan pulsuzdur. Qeyd olunub ki, məsləhətçi ilə əlaqədə məxfilik qorunur.

Qaynar xəttin fəaliyyəti insanların emosional tükənməsinin, intiharların, boşanmaların qarşısının alınmasına, o cümlədən cəmiyyətdə ailə institutunun möhkəmləndirilməsinə yönəlib.

Azərbaycanda ötən ilin yanvarında İkinci Qarabağ müharibəsi iştirakçıları və onların ailə üzvlərinə psixoloji yardım göstərilirdi. Yardım Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə həyata keçirilirdi. Müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlar qaynar xəttə zəng edərək fasiləsiz rejimdə fəaliyyət göstərən psixoloqlara müraciət edə bilirdi.