Din xadimi Hacı Şahin Həsənli Azərbaycanda vəfat etmiş şəxslərin kremasiya olunmasından (meyitin yandırılması) danışıb. O bu barədə fevralın 10-u Vesti.Az-a verdiyi müsahibəsində bildirib.

İlahiyyatçı kremasiyanın İslamda icazəli olmamasını və insan ləyaqətinin alçaldılması kimi qəbul edildiyini qeyd edib. “Qədim zamanlardan insanın dünyaya gəlişi və ondan ayrılması ən böyük möcüzə hesab olunurdu və həmişə xüsusi ayinlərlə müşayiət olunurdu”, – deyə Şahin Həsənli söyləyib. O, həmçinin dindarların repressiyaya məruz qaldığı sovet illərində belə dəfn mərasimlərinin keçirildiyini diqqətə çatdırıb. “İslamda hər bir ritual və mərasim bir növ həqiqəti simvolizə edir. Nə şəriət, nə də müsəlmanlar kremasiyanı dəstəkləmirlər”, – deyə din xadimi əlavə edib.

Hacı Şahinin sözlərinə görə, qəbiristanlıq müsəlmanlar üçün nəinki mərhumun xatirə yeridir, həm də digər dünyaya bir növ “portal”-dır. Kremasiya isə insanın unudulmasını simvolizə edən ritualdır.

Sosial şəbəkələrdə Azərbaycanda krematoriumun olmaması ilə bağlı məsələ dəfələrlə gündəmə gətirilib. Respublikanın paytaxtında və iri şəhərlərində əhalinin artmasının qəbiristanlıqlarda ölənlərin dəfn edilməsi üçün yer qıtlığına səbəb olduğu deyilir. Bir çox istifadəçi milliyyətindən və dinindən asılı olmayaraq, ölümdən sonra kremasiya olunmaq arzusunu ifadə edib. Bəziləri bu ritualın ekoloji və mövcud vəziyyət baxımından ən optimal olduğunu hesab edir.

2018-ci ildə Nazirlər Kabineti “Qəbiristanlıqların yaradılması və idarə olunması Qaydaları”nı təsdiq edib. Qanunun 21.6-cı bəndində deyilir: Kremasiya olunmuş meyitin külü saxlanılan urnanın daxili həcmi ölmüş şəxsin çəkisindən asılı olaraq, külün miqdarına görə 4 litrə qədər olmalıdır. Göründüyü kimi, ölkədə kremasiya haqqında qunun olsa da, krematorium yoxdur.