Məscid Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda, Xanəgah kəndinin qərb tərəfində, Əlincə qalanın şərqində, Əmirxan türbəsindən təxminən 100 metr şimalda, Əlincə dağının yamacında yerləşir.
İbadətgahın üzərində kitabə olmadığından onun dəqiq tarixi məlum deyil. Lakin ibadət evinin xüsusiyyətlərinə görə onu XV əsrə aid edirlər.
Məscid düzbucaqlı formadadır. İbadətgahın bir neçə pəncərəsi və iki giriş qapısı var. Binanın pəncərələrinin başlıqları tağvari formada hazırlanmışdır. Məscidin dördkünc formada bir minarəsi mövcuddur. İbadət evinin bir günbəzi var. Məscid iki hissəyə bölünür: qadınlar və kişilər şöbəsi. Qadınlar şöbəsi ikinci mərtəbədə yerləşir.
Kəşfiyyat xarakterli axtarışlar zamanı məscidin ətrafından orta əsrlər dövrünə aid keramika nümunələri və orta əsrlərə aid tikinti qalıqları aşkar edilmişdir.
İbadətgahda sonradan aparılan tikinti işlərinə əsaslanaraq demək olar ki, abidə XX əsrdə bərpa edilmişdir.
Mənbə:
- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan-2017.