Azərbaycanda insanlara leş əti satan şəxslər saxlanılıb. İstehlaka yararsız mal və at ətlərinin satışı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri ifşa edilərək məsuliyyətə cəlb edilib. Bu barədə fevralın 8-i DİN xəbər verib.
Məlumata əsasən, qruplaşmaya Xaçmaz rayon sakini Azik Babayevin rəhbərlik etdiyi müəyyən edilib. O, qrupun üzvləri Hatəm Bayramov və Yalçın Babalıyevlə birlikdə ölmüş at və iribuynuzlu mal-qaranın ətinin satışı ilə məşğul olub.
Babayevə məxsus anbarlara baxış zamanı mənşəyi məlum olmayan dörd tondan artıq yararsız mal və at əti aşkar edilərək maddi sübut kimi götürülüb. Ekspertizalar göstərib ki, bu ət qida üçün tamamilə yararsızdır və insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
Belə ki, Azik Babayev Xaçmaz rayonu və ətraf ərazilərdən ucuz qiymətə xəstə, istifadə olunmamış və ölmüş atlar alıb. Sonra Xaçmaz rayonundakı təsərrüfatlarına gətirib və qrup üzvləri heyvanları kəsib. Nəticədə həmin ətlər mal əti adı altında Bakının müxtəlif ictimai iaşə obyektlərinə satılıb. Hazırda faktla bağlı araşdırmalar davam edir.
İslamda ölü heyvanın ətini yemək haram sayılır. Əti halal olan heyvan mütləq şəkildə şəriət qaydaları ilə, yəni Allahın adı ilə üzü qibləyə kəsilməlidir. At ətini isə yemək icazəli olsa da, məkruh (bəyənilməyən) hesab edilir.