Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “İki sahil” qəzetinə müsahibə verib. O öz müsahibəsində institutun fəaliyyəti barədə danışıb. Bu barədə fevralın 9-u Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xəbər verib.

Rektorun sözlərinə görə, təhsil müəssisəsində ödənişsiz dil kursları fəaliyyət göstərir. Bundan əlavə, tələbələr üçün dərslərin ingilis və ərəb dillərində keçirilməsinə imkanlar yaradılıb. İnistitutun dərslikləri arasında isə İslam tarixi, Din sosiologiyası, Din fəlsəfəsi, İslam fəlsəfəsi, İslam əxlaqı, Fiqh üsulu, Quran təcvidi, Əqaid, Ərəb dili və digər fənləri əhatə edən kitablar mövcuddur. Burada, həmçinin dinşünaslıq və  islamşünaslıq təhsili də məzhəblərüstü tədris olunur.

Rektor dini təhsil ocağının xarici əlaqələrindən də danışıb. “Məsələn, önümüzdəki semestrdə Qazaxıstanda fəaliyyət göstərən Nur-Mübarək Universitetinin iki tələbəsi Aİİ-də təhsillərini davam etdirəcəklər. Onların bütün dərsləri ingilis dilində tədris olunacaqdır”, – deyə Aqil Şirinov əlavə edib.

Azərbaycan İlahiyyat İnstitutunun əsası 9 fevral 2018-ci ildə qoyulub. Hazırda təhsil ocağı DQİDK-nin tabeliyində fəaliyyət göstərir. Bundan öncə isə tələbələr Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsil alırdılar.