Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop dünyada islamofobiya ilə mübarizə aparmağın zəruriliyini bildirib. O, bu haqda fevralın 7-si MİKTA Parlament Sədrlərinin yeddinci toplantısında deyib.

“Bu gün dünyada irqçilik, islamofobiya, nifrət nitqinin artması və bunun cəmiyyətlərimizin sülh və harmoniyasına təhlükə törətməsi hamımızı narahat edir”, deyə Şentop qeyd edib. Türkiyəli siyasətçi islamofobiyanın son 20 ildə ən çox yayılmış irqçilik formalarından birinə çevrildiyini bildirib. O, parlament üzvlərini bu məsələlərlə mübarizə aparmağa çağırıb.

Şentop İslam Əməkdaşlıq Təşkilatının (İƏT) martın 15-ni islamofobiyaya Qarşı Beynəlxalq Həmrəylik Günü elan etdiyini xatırladıb. O, beynəlxalq ictimaiyyətin islamofobiyanı tanımasının vacib olduğunu da əlavə edib.

2021-ci ilin mart ayında BMT dünyada islamofobiyanın artımı ilə bağlı hesabat yayıb. Məlumatlar göstərir ki, dini ayrı-seçkiliklə daha çox Amerika müsəlmanları qarşılaşır. Belə ki, son 5 ildə ölkədə islamofobiyanın dərəcəsi təxminən 60% artıb.