Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev özünün və ailəsinin dini haqqında danışıb. Bu barədə idmançı fevralın 7-də “Sport-Express”ə verdiyi müsahibəsində bildirib.

Rafael Azərbaycanda böyüdüyü üçün özünü rus saymadığını söyləyib. O, hətta anasının da İslam dinini qəbul etdiyini bildirib. İslama gəlməsinə isə idmançıya əmisi yardım edib. “Mənə dinlə bağlı hər şeyi əmim danışıb. Artıq dünyasını dəyişib. Təbii ki, özüm də maraqlanmışam. Çünki qəlbim hər zaman doğru yolu axtarırdı”, – deyə Fiziyev qeyd edib.

Rafael Fiziyev indiyədək yüngül çəkidə UFC-də keçirdiyi 12 döyüşdə 11 qələbə qazanıb, bir dəfə uduzub. 2021-ci il oktyabrın 14-dək Rafael Qırğızıstan bayrağı altında çıxış etsə də, indi Azərbaycan bayrağı altında döyüşür. Ötən ilin oktyabrında idmançı əqidəsinə görə təzyiqlərə məruz qalıb. Fiziyev öz instagram səhifəsində KərbəlaNəcəf şəhərlərində keçirilən əzadarlıq videolarını paylaşıb. Lakin Rafaelin bu paylaşımı Qırğızıstanın keçmiş müftisi Maksatbek Toktomuşovun tənqidinə səbəb olub.