Livanda Şiə İslam Ali Şurası sintezatorda ifa edən din aliminə qarşı rəsmi qınaq elan edib. Bu barədə Arab News xəbər verib.

Məlumata görə, Şeyx Əli əl-Hüseyni Livan kanallarından birində televiziya yayımı zamanı musiqi bacarığını nümayiş etdirərək şiə ruhanilərini qəzəbləndirib. Televiziya müsahibəsində əl-Hüseyni qeyd edib ki, ona tez-tez “pianoçu şeyx” deyirlər. Lakin bu onun dini sahədə 23 illik iş təcrübəsini dəyərdən salır.

Şeyx əxlaqsızlıq olmamaq şərti ilə İslamda sənətin haram olmadığından danışıb. O hətta qadınların oxumasının da icazəli olduğu fikrini bildirib və buna misal olaraq livanlı müğənni Fayruzu misal çəkib. Əl-Hüseyni bu fikirlərinə görə ilahiyyatçı həmkarları tərəfindən “yalançı alim” adını qazanıb.

İslam dinində bəzi musiqilər haram, bəziləri isə halal sayılır. Halal musiqi eyş-işrət məclislərinə uyğun (həmahəng) olmayan musiqidir. Haram musiqi isə eyş-işrət məclislərinə xas tərzdə ifa olunan musiqi sayılır. Ayətullah Sistaninin hökmünə əsasən, əgər musiqi əsəri eyş-işrət məclislərinə münasib hesab edilən musiqilərdən olarsa, dinləmək olmaz. Burada musiqinin pianino, ud, təbil (baraban), mizmar (nəfəsli musiqi aləti) və ya sintezatorla ifa olunmasında fərq yoxdur.