Milli Məclisin sədr müavini və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli: “Qanuna deyişiklik Şeyxə qarşı yönəlməyib”. Bunu o, APA-ya verdiyi müsahibəsində deyib.
Fəzail İbrahimlinin sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul olunub, lakin sonradan bu qanunun dəyişikliyinə ehtiyac yarandı. “Bu dəyişikliklər elə-belə yatıb yuxuda ortaya çıxmayıb”, – deyə sədr bildirib. O, əlavə edib ki, bu qanun Türkiyə təcrübəsinə istinad edilərək qəbul olunub. Türkiyədə təşkilati və dini məsələlər ayrı olduğu kimi, Azərbaycanda da dini ibadət və ziyarət yerlərinə kadrların təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ötürülüb. Digər dəyişikliklər isə din xadimlərinin attestasiyası və ianələrlə bağlıdır.
Sədr müavini hesab edir ki, bu dəyişikliklər Allahşükür Paşazadə üçün sipərdir: “QMİ din xadimlərini Dövlət Komitəsinə məlumat verib, məsləhətləşib təyin edirdi. Bu insanlar ora təyin olunandan sonra Şeyxin yanına mələk libasında gəlirdilər. İndi Şeyx haradan bilsin ki, gələn adam buqələmundur, rəngini dəyişə bilir, dinə münasibəti din sevgisi deyil, balıqçının balığa münasibətidir”. Onun sozlərinə görə, bir qüsur baş verərsə, insanlar Şeyxin üzərinə gedir. “Səhərdən axşamacan ancaq deyirdilər ki, Şeyx nəzir qutularından varlanıb. Əslində, həqiqət belə deyildi axı! Bu, tamamilə təşkilatçılıq məsələləri idi. Hansı qurum cavabdeh olacaqsa, yaxşı, yaxud pis mənada, artıq o qurumun adı hallanacaq. Şeyxin canı qurtarır! Onun imicinə xələl gətirən ən böyük iş bu idi”, – deyə İbrahimli əlavə edib.
Allahşükür Paşazadə haqqında isə o belə deyib: “Şeyxə gəlincə, mən haqqında çox xoş sözlər deyə bilərəm. Millət başsız qalanda, Mərkəzi Komitə, Ali Sovet qaçıb gizlənəndə Şeyx bu millətə sahib çıxdı, atalıq etdi. Şəhidlərimiz ortada qalmışdı, dəfn edən yox idi, Şeyx həmin Şeyxdir. Ona görə Şeyxin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Qanuna dəyişiklik isə Şeyxə qarşı yönəlməyib. Bu qanun dini etiqad azadlığı ilə bağlı yeni çağırışlara cavab vermək üçün atılan addımdır”.