İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev həbsdə namaz qılmağa başlayıb. Bu barədə fevralın 7-si Oxu.az xəbər verib.

Məlumata görə, keçmiş məmur özünü hər zaman dinə bağlı insan kimi təqdim edib. Lakin işləri çox olduğundan ibadətə vaxtı olmayıb. Hacıyev, həmçinin Göygöl rayonunda məscid inşa etdirdiyini vurğulayıb.

Hazırda Vilyam Hacıyev Bakı İstintaq Təcridxanasında Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır. O, buraya 2021-ci ilin sentyabrında ağciyərlərində pnevmoniya səbəbindən köçürülüb. Sabiq icra başçısının məhkəmə prosesi fevralın 7-si davam edəcək.

2012-ci ilin aprelin 14-də Vilyam Hacıyev İmişli rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. 2020-ci il 5 may tarixində DTX tərəfindən onun yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Növbəti gün isə o, həbs olunub və Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. Keçmiş icra başçısı “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “mənimsəmə”, “təkrar rüşvət alma”, “vəzifə saxtakarlığı” faktlarında ittiham edilib. Baxış zamanı məmurun yaşadığı evdə qarajdan 10-PR-777 dövlət nömrə nişanlı “Aston Martin” və 90-KH-900 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobillər aşkar edilib. Xəbər portallarında Hacıyevin evindən müsadirə edilən maliyyə vəsaitlərini əks etdirən fotolar yayılıb. İqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, fotolardakı məbləğ təqribən 2,5 milyon avrodur. Sabiq dövlət məmurunun varidatı isə 10 milyon dollar məbləğində ölçülüb. Bundan əlavə, Vilyam Hacıyev rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsini nağdlaşdıraraq mənimsəyib. Onun bu əməli İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi zamanı da təkrarlanıb. Hacıyev, həmçinin dövlət orqanlarının vəzifəli şəxslərindən və rayonda fərdi sahibkarlıqla məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edib.

Bundan öncə, yanvarın 15-i həbsdə olan Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədov namaz qılmağa başlayıb. Sabiq məmur 29 aprel 2021-ci il tarixində “mənimsəmə”, “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma”, ”vəzifə səlahiyyətlərindən sui-istifadə”, “təkrar, külli miqdarda rüşvətalma” maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.