Salyan məscidində yaşı təqribən 150 il olan çıraq saxlanılır. Çıraq həm istilik, həm də işıqlandırma məqsədi ilə istifadə olunur. Bu barədə Baku TV xəbər verib.

Çıraq Salyanın Mirəşrəf ağa adlı məscidində, tavandan asılı vəziyyətdə yerləşir. Onun uzunluğu 1 metr, ağırlığı isə 70 kiloqram təşkil edir. Çıraqdan 1950-ci illərədək istifadə edilib. Ağır çəkisinə görə onu qaldırıb-endirmək üçün xüsusi qurğudan istifadə olunur.

Deyilənə görə, çıraq məscidin inşasından sonra Rusiyadan gətirilib və buraya vəqf edilib. O zamanlar onun yandırılması üçün ağ neftdən istifadə olunub. Kənd sakinlərinin sözlərinə görə, Azərbaycana bu çıraqdan iki ədəd gətirilib. Lakin ikinci tarixi əşya ötən əsrin 90-cı illərində yoxa çıxıb və hazırda onun haqda heç bir məlumat yoxdur.

Mirəşrəf ağa məscidi Salyan şəhərinin mərkəzində, Seyidlər məhəlləsində yerləşir. İbadət evi hicri-qəməri tarixi ilə 1324-cü (1906) ildə inşa olunub. Bu barədə məscidin əsas giriş qapısının sağ tərəfindəki daş kitabədə qeyd olunub. İbadətgah xeyriyyəçi Hacı Tağı tərəfindən tikilib. Burada asılan çırağın tarixi isə məscidin inşa tarixindən 30-40 il əvvələ aid edilir.