Bu gün, fevralın 7-si Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 2010-cu ildə Ermənistan silahli qüvvələri tərəfindən şəhid edilib.
Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-si Biləsuvarın Əliabad kəndində anadan olub. O, 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. Uşaq vaxtlarından Mübariz İbrahimov boksla məşğul olub. Cəbhə yoldaşı Rəşad Həsənlinin sözlərinə görə, Mübariz namaz qılar, Allaha ibadət edərdi. Bundan əlavə, o, Peyğəmbər (s) nəslindən gələn seyiddir. 2005-ci ildə məktəbi bitirdikdən sonra Mübariz İbrahimov həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini İbrahimov Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib və 2007-ci ildə çavuş rütbəsi ilə başa vurub.
2009-cu ildə isə o, gizir rütbəsində hərbçi kimi çalışmağa başlayıb. Bir müddət sonra o, öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birinə göndərilib. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini həmlə ilə məhv edib. O, düşmənin silahlarını ələ keçirərək ona qarşı istifadə edib. Nəticədə Mübariz beş saat düşmənlə təkbətək döyüş aparıb və onu ağır itkilərə məruz qoyub. Səhər saatlarında isə gizir İbrahimov şəhidliyə qovuşub.
Azərbaycan Prezidenti İlham Əliyev gizir Mübariz İbrahimova şəhadətindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb. Bu ad şəhidə ölkəsinin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xidmətinə və göstərdiyi rəşadətə görə verilib.