Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dinlə bağlı yeni qanunlar haqqında danışıb. Bu barədə Report xəbər verib.

Komitənin sədr müavini Gündüz İsmayılov bildirib ki, qanun dəyişikliyi Milli Məclisin təşəbbüsüdür. Qərar parlamentin birinci oxunuşunda öz təsdiqini tapıb.

Məlumata görə, dəyişikliklər ikinci və üçüncü oxunuşda qəbul edilsə, daha sonra həmin dəyişikliklər prezident tərəfindən qəbul olunsa qərar qüvvəyə minəcək. “Təbii ki, təklif edilən dəyişiklər qəbul ediləcəyi təqdirdə dini sahədə yeniliklər olacaq”, – deyə Gündüz İsmayılov əlavə edib. Sədr müavini, həmçinin dəyişiklikləri müasir dövrün çağırışları ilə uzlaşdığını qeyd edib.

Yanvarın 26-sı Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunda bir sıra yeniliklər baş verib. Belə ki, ibadət evlərinə din xadimi təyin etmə hüququ QMİ-dən alınıb. Məscidlərin din xadimləri işdən çıxarıldıqda dini icma öz fəaliyyətini davam edəcək. Bundan əlavə, dini qurumlara verilən ianələr plastik kart və elektron ödəmə sistemləri vasitəsilə ediləcək.