Bu gün rəcəb ayının 3-ü (fevral ayının 5-i) İmam Əliyyən-Nəqinin (ə.s) şəhadət günüdür. İmam Əli ibn Muhəmməd (ə.s) məsum İmamların onuncusudur. Həzrətin ləqəbləri Hadi, Alim, Fəqih, Əmin, Təyyib və Nəqidir, künyəsi isə Əbdülhəsəndir.
İmam Nəqi (ə.s) hicrətin 212-ci ilinin zil-hiccə ayının 15-də (bəzi mənbələrdə isə 27-də) dünyaya göz açıb. Həzrətin (ə.s) atası İmam Təqi (ə.s), anasının adı isə Səmanə və ya Süsən idi.
İmam Nəqinin (ə.s) imaməti 220-ci ildə atasının şəhadətindən sonra 8 yaşında ikən başlayıb. İmam Təqinin əksər şiələri İmam Nəqinin (ə.s) imamətini qəbul etsələr də, bir neçə şiə qəbul etməyib. Lakin bir müddətdən sonra onlar da Həzrətin (ə.s) imamətini qəbul ediblər.
İmam Nəqinin (ə.s) imaməti 32 il sürmüş və o, hicrətin 254-cü ilinin rəcəb ayının 3-ü (bəzi rəvayətlərə görə cəmadius-sani ayının 25-i və ya 26-ı) Samirra şəhərində şəhadətə yetişib və orada dəfn edilib. Bəzi rəvayətlərdə Həzrətin (ə.s) vəfatının səbəbi onun xəstəliyi kimi, bəzi rəvayətlərdə isə onun Abbasi xəlifəsi Mötəmid tərəfindən zəhərlədiyini qeyd olunub.