Fevral ayının 2-si şam azanından sonra rəcəb ayı daxil olub. Rəcəb ayı ramazan ayı üçün müqəddimə sayılır. Bu ay Allaha yaxınlaşmaq üçün bir fürsətdir.

Rəcəb ayı bəndələrin nəfslərini təmizləmə, tövbə və istiğfar etmə, ləyaqət və şərafət əldə etmə, yalandan, böhtandan, iftiradan, qeybətdən və digər ruh xəstəliklərindən müalicə olunma ayıdır.

Bu ayda oruc tutmaq və çoxlu dua etmək tövsiyə olunur. Xüsusilə də rəcəb ayının 13, 14, 15 və 27-ci günlərində oruc tutmaq bəyənilir.

İmam Sadiq (ə.s) buyurmuşdur: “Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin. Allah bağışlayan və mehribandır”. Peyğəmbər (s) buyurmuşdur: “Agah olun ki, Rəcəb ayı Allah-Təalanın bərəkətli aylarından biridir. Rəcəb ayı Allahın, Şaban ayı mənim, Ramazan ayı isə mənim ümmətimin ayıdır”.

İmam Rza (ə.s) buyurmuşdur: “Hər kim ilahi mükafatları qazanmaq üçün Rəcəb ayının ilk günü oruc tutarsa, cənnət ona vacib olar. Hər kim Rəcəb ayının ortasında oruc tutarsa, Rəbiə və Muzir qəbilələrinin (iki böyük Ərəb qəbiləsi) sayı qədər şəfaətə nail olar. Hər kim Rəcəb ayının son günündə oruc tutarsa, Allah onu cənnətin padşahlarından qərar verər və o kəs atasına, anasına, övadlarına, qardaşına, əmilərinə, bibilərinə, dayılarına, xalalarına, dostlarına və öz qonşularına şəfaətçi olar. Hətta onlar cəhənnəmə layiq olsalar belə”.

Rəcəb ayının əməlləri:

  1. Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq.
  2. Rəcəb ayının ilk gecəsi “Əllahummə bərik lənə fi racəbin və şəbənə və bəlliğnə şəhra-Raməzan” duasını oxumaq (Duada Allah Təaladan 3 mübarək ayın – Rəcəb, Şəban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir), İmam Hüseynin (ə.s) ziyarətnaməsini oxumaq, qüsl almaq.
  3. Rəcəb ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğayib” adlanır. Bu gecəni ibadət etmək tövsiyə olunub.
  4. Rəcəb ayının üçüncü günü oruc tutmağın fəziləti var.
  5. 1000 dəfə “La ilahə illəllah” demək.
  6. Ay ərzində Əstəğfirullahə və əs-əluhut-təvbəh” zikri çoxlu təkrarlamaq.
  7. İmam Sadiqin (ə.s) Rəcəb ayında hər gün oxuduğu dua:

خابَ الوافِدُونَ عَلى غَيْرِكَ، وَخَسِرَ المُتَعَرِّضُونَ إِلاّ لَكَ، وَضاعَ المُلِّمُونَ إِلاّ بِكَ، وَاَجْدَبَ الْمُنْتَجِعُونَ إِلاّ مَنِ انْتَجَعَ فَضْلَكَ، بابُكَ مَفْتُوحٌ لِلرّاغِبينَ، وَخَيْرُكَ مَبْذُولٌ لِلطّالِبينَ وَفَضْلُكَ مُباحٌ لِلسّائِلينَ، وَنَيْلُكَ مُتاحٌ لِلامِلينَ، وَرِزْقُكَ مَبْسُوطٌ لِمَنْ عَصاكَ، وَحِلْمُكَ مُعْتَرِضٌ لِمَنْ ناواكَ، عادَتُكَ الاِْحْسانُ اِلَى الْمُسيئينَ، وَسَبيلُكَ الاِبْقاءُ عَلَى الْمُعْتَدينَ، ُاَللّـهُمَّ فَاهْدِني هُدَى الْمُهْتَدينَ، وَارْزُقْني اجْتِهادَ الْمجْتَهِدينَ، وَلا تَجْعَلْني مِنَ الْغافِلينَ الْمُبْعَدينَ، واغْفِرْ لي يَوْمَ الدّينِ

“Xabəl vafidunə əla ğəyrik, və xəsirəl mutəərrizunə illa lək, və zaəl mulimmunə illa bik, və əcdəbəl muntəciunə illa mənintəcəə fəzlək, babukə məf-tuhun lir rağibin, və xəyrukə məbzulun lit talibin, və fəzlukə mubahun lis sailin, və nəylukə mutahun lil amilin, və rizqukə məbsutun limən əsak, və hilmukə mu`tərrizun limən navak, adətukəl ihsanu ilal musiyyin, və səbilukəl ibqau ələl mu`tədin, Əllahummə fəhdini hudəl muhtədin, vər-zuqni ictihadəl muctəhidin, və la təc`əlni minəl ğafilinəl mubədin, vəğfir li yəvməd din”.

“Səndən başqasına ümid olan naümid, Səndən başqasına üz tutan ziyankar, Səndən başqasının qapısına gedən möhtac, Sənin lütf və mərhəmətindən başqa bir şeyi istəyən yoxsul oldu. Sənin qapın müştaqların üzünə açıq, xeyrin istəyənlərə verilmiş, lütf və mərhəmətin möhtaclara mübah, hədiyyən arzu edənlərə hazır, ruzin hətta sənə asi olanlara çox, səbrin hətta səninlə düşmənçilik edənlərə şamil, adətin pislərə yaxşılıq və yolun inadkarlara mülayimlikdir. İlahi, məni hidayət olunanların yoluna hidayət et, çalışqanların çalışqanlığından mənə ruzi ver. Məni dərgahından uzaq düşən qafillərdən qərar vermə və qiyamət günü günahlarımı bağışla”.

  1. Peyğəmbərdən (s) nəql olunur ki, hər kim bu duanı yüz dəfə oxusa və sonda sədəqə versə, Allah öz rəhmət və məğfirət qapılarını onun üzünə açar. Hər kim dörd yüz dəfə oxusa, ona yüz şəhidin savabı verilər.

اَسْتَغْفِرُ اللهَ لا اِلـهَ إِلاّ هُوَ وَحْدَهُ لا شَريكَ لَهُ وَاَتُوبُ اِلَيْهِ

“Əstəğfirullahə la ilahə illa huvə vəhdəhu la şərikə ləh və ətubu ileyh”

“Ondan başqa heç bir ilah olmayan Allahdan bağışlanma istəyirəm. O birdir, şəriki yoxdur və mən ona tərəf qayıdıram (tövbə edirəm)”.

  1. Rəcəb ayında günün əvvəlində və axırında “Əstəğfirullahə və ətubu ileyh” desə, sonra əllərini göyə qaldırıb, “Əllahumməğfir li və tub ələyy” (İlahi məni bağışla və tövbəmi qəbul et!) demək.
  2. 1000 dəfə “Əstəğfirullahə zəl-cəlali vəl-ikrami min cəmiiz-zunubi vəl-asam” (Kəramət və cəlal sahibi olan Allahdan bütün günahlardan və xətalardan bağışlanma diləyirəm!).
  3. Cümə günlərində yüz dəfə İxlas sürəsini oxumaq.
  4. Peyğəmbər buyurmuşdur: “Rəcəb ayının hər hansısa bir gecəsində bəndə iki rükət namaz qılsa və hər rükətdə İxlas surəsini yüz dəfə desə, ona yüz il orucun savabı verilər və Allah təala ona cənnətdə yüz ədəd hər biri bir peyğəmbərin kənarında olan saray verər”.
  5. Məsumların (ə.s) hərəmlərini ziyarət etmək.
  6. Rəcəb ayının 14-dən 15-nə keçən gecə 12 rükət namazı rəcaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq. (6 ədəd 2-rükətli namaz kimi qılınır. Hər rükətdə “Fatihə”-dən sonra “İxlas”, “Fələq”, “Nəs” surələrini və “Ayət əl-Kursi”ni – hərəsini 1 dəfə, “Qədr” surəsini isə 4 dəfə oxumaq. Namazı bitirdikdən sonra 4 dəfə demək: “Əllahu Əllahu Rabbi lə uşriku bihi şəy’ə, və lə əttəxizu min dunihi vəliyyə”.
  7. Rəcəb ayının 15-ci günündə oruc tutmaq, İmam Hüseyni (ə.s) ziyarət etmək.