Bu gün rəcəb ayının 1-i (fevralın 3-ü) İmam Muhəmməd Baqirin (ə.s) mövlud günüdür. İmam Baqir (ə.s) məsum İmamların beşincisidir. Həzrətin adı Muhəmməd, ləqəbi Baqir, künyəsi isə Əbu Cəfərdir. İmamın ləqəbi (elmləri yaran) ona elmin sirlərini aşkar etdiyinə görə verilib.

İmam Baqir (ə.s) hicrətin 57-ci (bəzi rəvayətlərə görə 58-ci) ilində rəcəb ayının ilk günündə Mədinə şəhərində dünyaya göz açıb. Atası İmam Səccad (ə.s), anası isə İmam Həsənin (ə.s) qızı Ummu-Abdullahdır. İmam Baqir (ə.s) həm ata, həm ana tərəfindən Peyğəmbərlə (s) qohumluğu olan ilk şəxsdir.

İmam Baqir (ə.s) öz elmi ilə tanınırdı. Rəvayətlərə görə, alimlər onun məclisində şagirdlər müəllimin qarşısında oturan kimi otururdular. İmam Baqirin (ə.s) dövründə elm öz kulminasiya nöqtəsinə çatmışdır. Həzrətin elmi haqda İslam məmləkətinin hər bölgəsində eşitmək olardı.

Cabir ibn Abdullah Ənsari deyir: “Bir gün Rəsulullah (s) mənə buyurdu: “Sən məndən sonra mənim xanədanımdan olan bir şəxsi görəcəksən. Onun adı mənim adımdır, zahiri görünüşü də mənim zahiri görünüşümə bənzəyir. O, elm qapılarını insanların üzünə açacaq. Onu gördükdə salamımı çatdır və bu sifarişimi mütləq yerinə yetir!” Cabir ömrünün sonlarında ölümünün yaxınlaşdığını gördükdə dayanmadan: “Ey Baqir! Ey Baqir! Haradasan?” – deyirdi. Bir gün o həzrəti görüb özünü ona çatdırdı və İmamın üz-gözündən öpərək “atası Rəsulullaha (s) bənzəyənə atam-anam fəda olsun, Rəsulullah (s) sənə salam göndərmişdir!” – deyirdi. (“Biharul-ənvar”, Əllamə Məclisi, c. 46, s. 294).

İmam Səccadın (ə.s) şəhadəti zamanı İmam Baqirin (ə.s) 37-38 yaşı var idi. Həzrəti Baqirin imamlıq müddəti 23 il sürüb. Hicrətin 114-cü ilində İmam Baqir Mədinə şəhərində Hişam ibn Əbdül-Məlik tərəfindən zəhərlənərək şəhid edilib. Həzrət Mədinənin Bəqi qəbiristanlığında atası İmam Səccad (ə.s) və babası İmam Həsənin (ə.s) qəbirlərinin yanında dəfn olunub.