Fevralın 2-dən 3-ə keçən gecə Rəcəb ayı daxil olub. Rəcəb ayının birinci cümə gecəsinə (fevralın 3-dən 4-nə keçən gecə) “Ləylətul-rəğaib” yəni “arzular gecəsi” deyilir. Onun vaxtı bu axşam məğrib azanından sübh azanınadək davam edir.
Rəvayətlərə görə, bu gecə edilən ibadət ölümdən sonra bir nur kimi canlanar və qiyamətə qədər insanı tənhalıq və qorxudan qoruyar.
Rəğaib gecəsinin vacib əməlləri olmasa da bir sıra müstəhhəb əməlləri var. Onlardan başlıcası rəcəb ayının ilk günü qüsl almaq və oruc tutmaqdır. Bu axşam məğrib və işa namazları arasında isə on iki rükət (altı dəfə iki rükət) namaz qılnır. Hər rükətdə “Fatihə”-dən sonra 3 dəfə “Qədr” və 12 dəfə “İxlas” surələri oxunur.
Namazdan sonra 70 dəfə “Allahummə salli a’lə Muhəmmədinin-nəbiyyil-ummiyy və a’lə alihi” deyilir (tərcüməsi: “İlahi, hamıya Peyğəmbər olaraq göndərilmiş Məhəmmədi (s) və onun soyunu xeyir-bərəkətinlə ucalt”).
Daha sonra səcdə edib 70 dəfə “Subbuhun quddusun Rəbbul-məlaikəti vər-ruh” deyilir (tərcüməsi: “Mələklərin və Ruhun Rəbbi pak və müqəddəsdir”).
Sonra səcdədən başını qaldırıb 70 dəfə “Rəbbiğfir vərhəm və təcavəz ’əmma tə’ləmu innəkə əntəl ’əliyyul ə’zəm” (tərcüməsi: “Ya Rəbb, bağışla və rəhm et, barəmdə bildiklərinə baxmayaraq güzəşt et. Axı Sən uca və əzəmətlisən!”) demək lazımdır.
Sonda isə yenidən səcdəyə gedilir və bir daha 70 dəfə “Subbuhun quddusun Rəbbul-məlaikəti vər-ruh” deyilir. Bundan sonra insan Allaha dua edib ondan öz hacətini diləyir.
Həzrət Peyğəmbər (s) buyurub: “Hər kim bu ayda bir gün oruc tutsa, Allahın böyük razılığını qazanar, Allahın qəzəbi ondan uzaq olar və cəhənnəmin qapıları onun üzünə bağlanar”.