Dini icmaların dövlət qeydiyyatına alınması işləri davam edir. 2021-ci ildə 16 dini icma dövlət qeydiyyatına salınıb və beləliklə, icmaların sayı 971-ə çatıb. Hazırda 9 icmanın yoxlanılması üzrə işlər aparılır. Bu barədə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə bildirib.

Eyni zamanda, Kollegiya iclasında, 2021-ci ilin hesabat məruzəsində bildirilib ki, bir ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib. Əlavə olaraq, qeyd olunub ki, idxalı nəzərdə tutulan 5847 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə 260 adda dini ədəbiyyat ekspertizadan keçirilib. 415 adda (752 560 ədəd) dini təyinatlı ədəbiyyata isə nəzarət markaları verilib.

Bu statistik rəqəmlər və icmaların qeydiyyat prosesi fevralın 1-i keçirilmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2021-ci ilin yekunlarına həsr olunmuş onlayn kollegiya iclasında müzakirə olunub.