Bu gecə, fevral ayının 2-si şam azanından sonra rəcəb ayı daxil olur. Rəcəb ayı şabanla birlikdə ramazan ayı üçün müqəddimə sayılır. Bu aylar Allaha yaxınlaşmaq üçün bir fürsətdir.
Həzrət Məhəmməd (s) buyurub: “Rəcəb Allahın ayı, şaban mənim ayım, Ramazan isə ümmətimin ayıdır”.
Bu ayın ilk gününün xüsusi əməlləri var. Müstəhəbdir ki, insan qüsl alsın, İmam Hüseynin (ə.s) ziyarətnaməsini oxusun və oruc tutsun. Rəcəb ayı boyunca oruc tutmaq müstəhəbdir, xüsusi olaraq, bu ayın 13, 14 və 15 və 27-ci günü oruc tutmaq bəyənilir. Rəcəb ayında çoxlu sədəqə vermək və Ummu-Davud duasını oxumaq bu ayın əməllərindəndir.
Həzrət Rəsulullah (s) buyurub ki, hər kəs ay boyunca aşağıdakı zikri yüz dəfə oxuyub sədəqə ilə başa vursa, Allah-təala öz rəhmət və məğfirətini onun üzünə açar: “Əstəğfirullahəl-ləzi la ilahə illa hu, vəhdəhu lə şərikə ləhu və ətubu ileyh” (tərcüməsi: “Özündən başqa bir tanrının olmadığı, heç kəsin Ona şəriklik etmədiyi Allahdan bağışlanma diləyirəm və Ona tərəf qayıdıram”). Peyğəmbərimiz, həmçinin bu ayda min dəfə “La ilahə illəllah” və min dəfə “Əstəğfirullahə zəl-cəlali vəl-ikram min cəmi’iz-zunubi vəl asam” (tərcüməsi: “Cəlalətli və səxavətli Allahdan bütün günahlarıma və səhvlərimə görə bağışlanmağımı istəyirəm”) zikrlərini oxumağı tövsiyə edib.
Ay boyu namazlardan sonra aşağıdakı duanı oxumaq tövsiyə olunur:
“Bismillahir-Rəhmanir-Rəhim. Ya mən ərcuhu li kulli xeyr və amənu səxətəhu ‘ində kulli şərr. Ya mən yu’til-kəsirə bil qəlil.Ya mən yu’ti mən səələh. Ya mən yu’ti mən ləm yəs’əlhu və mən ləm yə’rifhu təhənnunən minhu və rəhməh. Ə’tini bi məs’ələti iyyək cəmi’ə xeyrid-dunya və cəmi’ə-xeyril axirəh. Vəsrif ‘ənni bi məsə’ləti iyyək cəmi’ə şərrid-dunya və şərril-axirəh. Fəinnəhu ğeyru mənqusın mə ə’təyt və zidni min fəzlikə ya Kərim”