Ötən il ərzində İlahiyyat İnstitutuna qəbul olanların sayı açıqlanıb. Bu barədə fevralın 1-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) xəbər verib.

Məlumata görə, 2021-ci il ərzində 68 tələbə dini təhsil müəssisəsinə qəbul olub. Onlardan 3-ü əcnəbi vətəndaşdır. Həmin tələbələrdən 33-ü “Dinşünaslıq”, 35-i isə “İslamşünaslıq” ixtisasları üzrə təhsil alır.

Bundan əlavə, Beynəlxalq Miqrasiya Təşkilatı İnstitutda ingilis dili kursları, İnstitutun IV kurs tələbələri üçün isə Peşə hazırlığı kursu təşkil edib.

Azərbaycan İlahiyyat İnstitutunun əsası 9 fevral 2018-ci ildə qoyulub. Hazırda təhsil ocağı DQİDK-nin tabeliyində fəaliyyət göstərir. Bundan öncə isə tələbələr Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində təhsil alırdılar.