Bu gün, fevralın 1-i Milli Məclisin “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı yas mərasimlərinin keçirilməsi məsələsinə toxunulub. Bu barədə Modern.az xəbər verib.
Məlumata görə, deputat Məlahət İbrahimqızı yas mərasimlərində qadın din xadimlərini cahil adlandıraraq, onların fəaliyyətlərinə narazılığını bildirib. “Qadın mollaların əksəriyyəti cahil vəziyyətdədir. Onların yas məclislərində hər şeydən – şeirdən, müxtəlif əhvalatlardan danışdığını görürük. Amma onlar Qurandan, hədisdən heç nə anlatmırlar”, – deyə deputat əlavə edib.
Məlahət İbrahimqızının sözlərinə görə, o məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayevlə müzakirə aparıb. Din xadimi bununla heç bir şey edə bilmədiyini söyləyib. Bundan əlavə, Salman Musayev yas mərasimlərində sözügedən məsələnin qanunla tənzimlənməsini istəyib.
Yanvarın 26-sı Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunda bir sıra yeniliklər baş verib. Belə ki, ibadət evlərinə din xadimi təyin etmə hüququ QMİ-dən alınıb. Məscidlərin din xadimləri işdən çıxarıldıqda dini icma öz fəaliyyətini davam edəcək. Bundan əlavə, dini qurumlara verilən ianələr plastik kart və elektron ödəmə sistemləri vasitəsilə ediləcək.