Bu gün, fevralın 1-i gecə saatlarında İslam aləminin görkəmli alimi Ayyətullah Safi Gülpayigani vəfat edib. Bu barədə İQNA xəbər verib.
Məlumata görə, alim İranın Qum şəhərinin xəstəxanasında vəfat edib. Dəfn mərasimi haqda məlumatın bir müddət sonra açıqlanacağı bildirilib.
Böyük alim, islamşünas, fəqih, mütəfəkkir Ayətullah əl-Üzma Safi Gülpayigani İranın İsfahan əyalətinin Gülpaygan bölgəsində 1919-cu ildə dünyaya göz açıb. Onun atası Ayətullah Molla Məhəmməd Cavad Səfi də İslam elmləri fiqh, kəlam, əxlaq, hədis və digər elmlər üzrə bilikləri ilə tanınıb. O, 1958-ci ildə, rəcəb ayının iyirmi beşinci gecəsində, İmam Museyi-Kazimin (ə.s) şəhadət gecəsi vəfat edib. Anası Ayətullah Axund Molla Məhəmməd Əlinin qızı, şairə Fatimə xanım idi.
Ayətullah Gülpayigani 1940-ci ilə kimi Qütb kimi tanınan müəllimi Axund Molla Əbdül Qasimin tələbəsi olub və ondan kəlam, təfsir, hədis və fiqh elmləri öyrənib. Daha sonra isə təhsilini Nəcəfin elmi hövzəsində davab edib. Ayətullah ömrünün sonunadək Qum şəhərində yaşayıb və oranın elmi hövzəsində dərs deyib.