İlahiyyatçı Hacı Şahin Həsənli dini məkanlara edilən ianələrin elektron qaydada toplanmasına münasibətini bildirib. Bu barədə cebhe.info xəbər verib.

Din xadiminin sözlərinə görə, müasir dövrdə maddi yardımlar kart hesabına pul göndərməklə həyata keçir. Hətta xaricdən edilən yardım çox zaman bu yolla mümkün olur. “İndiki dövrdə bu adi qaydalardır və qanunvericiliyin də tənzimləməsi normaldır”, – deyə Şahin Həsənli qeyd edib.

İlahiyyatçı onu da vurğulayıb ki, qanun layihəsi hələ müzakirə edilir və öncədən bir şey demək olmaz. “Düzdür, bizim məsciddə, yəni Məşədi Dadaş məscidində heç bir zaman nəzir qutusu olmayıb. Yardım etmək istəyən insanlar icma üzvlərinə yaxınlaşıb, ianələrini ödəyiblər”, – deyə din xadimi əlavə edib. Yığılan ianələr məscid icmasının ehtiyaclarına xərclənir. Lakin, adətən, nəzir qutularında yığılan pul icmanın zəruri ehtiyaclarına belə yetmir.

Yanvarın 26-sı Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə dəyişiklik edilməsi təklif olunub. Belə ki, dini qurumlara verilən ianələr plastik kart və elektron ödəmə sistemləri vasitəsilə ediləcək.