Fransada müsəlman qadın aldadılaraq islamofobiya qurbanı olub. Qadın özü də bilmədən İslamı dövlət dəyərlərinə təhlükə kimi göstərib. Bu barədə shafaqna xəbər verib.
Fransalı jurnalistlər Liliya Buzian adlı xanıma ölkədə müsəlmanların həyatı barədə sənədli film çəkməyi vəd ediblər. Bu məqsədlə onlar müsəlman qadından müsahibə alıblar. Lakin jurnalistlər Liliyaya təxribat xarakterli suallar veriblər.
Nəticədə Fransanın M6 kanalında “Radikal İslam təhlükəsi ilə üz-üzə: Dövlətin cavabı” adlı film nümayiş etdirilib. Liliya Buzian filmi gördükdə heyrətlənib. Belə ki, onun sözləri kadrlardan çıxarılıb və İslam dini ölkəyə təhlükə kimi təqdim olunub.
“Mən bir müsəlman və fransız kimi susmaq niyyətində deyiləm, mən bunu belə saxlamayacağam. Mənə badalaq gəliblər, jurnalistlər manipulyasiya ediblər”, – deyə Liliya əlavə edib.
Son bir neçə ay ərzində Fransada müsəlmanlara qarşı təzyiq xeyli artıb. Ölkədə məscidlər bağlanır, yeni məscidlərin tikintisinə isə icazə almaq qeyri-mümkün olub. Bundan əlavə, prezidentliyə namizəd olan Erik Zemmur ölkə başçısı seçiləcəyi təqdirdə İslamla mübarizə aparacağına söz verib.