İslamda donuz əti haram, donuzun özü isə nəcis hesab edilir. Lakin bir çoxları dinin bu məhdudiyyətini anlamır və sözügedən heyvanın ətinin sağlamlığa xeyir olduğunu düşünür. Təbii ki, bir çox şey insana xeyir ola bilər, amma zərərin daha çox olması ehtimalı da var. Bənzər fikirlər şərab barədə də mövcuddur. “Səndən sərxoşedici (içki) və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür” (Bəqərə, 219).
Hamıya məlumdur ki, donuzlar zibil və nəcasətlə qidalanır. Alimlər donuz ətinin əsas təhlükəsini onun tərkibində böyük miqdarda olan böyümə hormonunda görürlər. Məhz bu hormon iltihab, şiş, hipertrofiya kimi proseslərin inkişafının əsas səbəbidir. Siqaret çəkənlər üçün donuz əti yemək bütün bu riskləri artırır. Çünki bədəndə benzpiren və kanserogenlərin miqdarının artması xərçəngin inkişafının səbəbkarı ola bilər.
Bundan əlavə, donuz ətində çoxlu sayda “Trixinella” qurdları mövcuddur. Bu qurdlar xərçəng xəstəliyinin yaranmasına təsir göstərir. Üstəlik donuz əti insan orqanizmində tam olaraq həzm oluna bilmir. Bu isə onun mədə-bağırsaq sistemində yığılması və insanın daxildən çürüməsi ilə nəticələnir.
Donuzun haram olması nəinki Quranda, hətta İncil və Tövratda da qeyd olunub.
Quran:
“O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir” (Bəqərə, 173).
İncil:
“Donuz qoşadırnaqlı heyvandır, amma gövşəmir. Onlar sizdən ötrü pak heyvanlar deyil, onların ətini yeməyin, leşlərinə də toxunmayın” (Bibliya, Təsniyə kitabı, XIV, 8).
Tövrat:
“Donuz cüt və yarıq dırnaqlıdır, amma gövşəməz. Sizin üçün natəmiz sayılır. Bu heyvanların ətini yeməyəcək, leşinə toxunmayacaqsınız, sizin üçün natəmizdir” (Levililər, 11:7-8).
Təbii ki, insan məcbur qaldıqda donuz ətindən yeyə bilər. Məsələn, insan aclıqdan ölürsə və haram ətlərdən başqa yeyəcək bir şey tapmırsa, o zaman doymamaq şərtilə onlarla qidalana bilər. “O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”. (Bəqərə, 173)