İslamda kişinin saqqalını qırxması barədə qadağa mövcuddur. Lakin saqqalın hansı həddə qırxılmasına dair müsəlmanlar arasında bəzən ixtilaf yaranır.
Şəriət alimləri saqqalın qırxılması haqda vacib ehtiyata əsasən, haram fətvası veriblər. Belə ki, üzrlü bir səbəb olmazsa, üzün tükünü kəsmək icazəli deyil. Üzrlü səbəb dedikdə bu, sağlamlığa ziyan və iş yerində icazəli olmadığı hallara aid edilir. Məsələn, bir insana çalışdığı yerin rəhbərliyi tərəfindən saqqal saxlamağa icazə verilmirsə, bu, üzrlü səbəb sayıla bilər. Lakin bir şərtlə ki, onun saqqal saxlamağı çətinliyə və ya ümumiyyətlə, işsiz qalmasına səbəb olsun.
Üzdə bitən tükün həddi ən azından o qədər olmalıdır ki, camaat arasında çənədə və yanaqlarda qalmış tüklərə saqqal deyilsin. Burada saqqalın ülgüc və ya üzqırxan maşınla götürülməsində heç bir fərq yoxdur. Çünki bəziləri hesab edir ki, üzü ülgüclə deyil, maşınla qırxmaq haram sayılmır. Lakin göründüyü kimi, bu, belə deyil.
Sözügedən məsələ bərbərləri də tez-tez narahat edir. Belə ki, üzrlü olmayan bir insanın saqqalını qırxmaq və bunun müqabilində pul və ya digər bir şey almaq, həmçinin qadağandır. Amma üzün səliqəyə salınması üçün yanaqlarda və boğazda tüklərin qırxılması icazəlidir.