Yanvarın 25-i İran İqtisadçılar Dərnəyinin keçmiş rəhbəri Peyman Molavi İslam ölkələri arasında ortaq kriptovalyuta yaradılmasından danışıb. O, hələki bunun mümkün olmadığını izah edib. Bu barədə İQNA xəbər verib.

Molavinin sözlərinə görə, hər bir ölkənin öz kriptovalyutası ola bilər, lakin dolların hökmranlığı davam etdikcə bu mümkün deyil. BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Oman kimi dövlətlər dollarla ticarət edir və bu valyuta onların iqtisadiyyatında böyük rol oynayır. “Belə olduğu təqdirdə İslam ölkələri arasında ortaq valyuta yaradılması mümkün deyil”, – deyə iqtisadçı əlavə edib.

Dünyada 6 mindən çox kriptovalyuta fəaliyyət göstərir. Bəzi Avropa ölkələrində sözügedən elektron pul ilə alış veriş etmək üçün müxtəlif imkanlar yaradılıb. Lakin İslam alimləri dünyanın ən məşhur və bahalı kriptovalyutası olan “Bitcoin” ilə ticarəti haram hesab edir. Bu ticarətin İslami qaydasının necə olacağı barədə isə hələki məlumat yoxdur.