Bugün cəmadius-sani ayının 20-si (23 yanvar) Peyğəmbərin (s) gözünün işığı, qızı Həzrəti Fatimeyi-Zəhranın (s.ə) mövlud günüdür. Həzrətin dünyaya göz açdığı gün ən əzəmətli günlərdən biri hesab edilir və İslam aləmində xanımlar bayramı kimi qeyd olunur.

Xanım Zəhra (s.ə) besətin 5-ci ilində Məkkədə dünyaya göz açıb. Həzrəti (s.ə) Məhəmməd Peyğəmbərin (s) və Xədicənin (s.ə) qızı, İmam Əlinin (ə.s) həyət yoldaşı, İmam Həsən (ə.s) və İmam Hüseynin (ə.s) anasıdır. Peyğəmbərin (s) nəsli Xanım Fatiməyi-Zəhranın (s.ə) övladları ilə davam edib.

Peyğəmbər (s) buyurmuşdur: “Mən nə zaman cənnəti yad etmək istəsəm – Cənnətin ətrini Fatimədən (s.ə) alıram”. O, Həzrəti Zəhranı (s.ə) “Yaranışdan bu günə qədər dünya qadınlarının zinəti”, “dünyanın ən fəzilətli xanımı” və “Cənnətin ən üstün qadını” kimi adlandırırdı. Xanım Zəhra (s.ə) qadınlar üçün ən ali nümunə sayılır.

Xanımın məqamı elə ucadır ki, Peyğəmbər (s) onun haqqında buyurub: “Həqiqətən, Allah Fatimənin razılığına razı olur və qəzəbinə qəzəblənir”, “Fatimə (s.ə) mənim qəlbimdir, ruhumdur”, “Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır. Kim Fatiməni (s.ə) incitsə, məni incidir, onunla düşmənçilik edən mənimlə düşmənçilik edir”.

Rəvayətlərə görə, Xanım Zəhra (s.ə) nə vaxt Peyğəmbərin (s) yanına gəlirdisə, Həzrət ehtiramla qalxıb, onun əllərindən və üzündən öpərdi və onu öz yerində əyləşdirərdi.

Xanım Fatimeyi-Zəhra (s.ə) 18 yaşında, Peyğəmbərin (s) vəfatından 90 gün sonra Mədinə şəhərində şəhid edilir. İmam Əli (ə.s) onu gecə dəfn edir ki, müxaliflər məzarın yerini bilməsinlər. Buna görə də Həzrət Zəhranın (s.ə) məzarı indiyənədək naməlum qalır.

Xanım Zəhranın (s.ə) mövlud günü münasibətilə Sirat.az bütün dünya müsəlmanlarını təbrik edir!