“Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər” [Bəqərə, 186].

Daha öncə Sirat.az duaların qəbul olunmasına mane olan səbəbləri nəzərdən keçirib. Bu maqələdə isə duaların qəbul olunması üçün şərtlər və qaydalara toxunulacaq.

Mühüm şərtlərdən biri düzgün etiqadın olmasıdır: Bir nəfər İmamların (ə.s) birindən soruşur ki, bizim dualarımız niyə yerinə yetmir? İmam buyurur: “Çünki kimi çağırdığınızı bilmirsiniz və başqalarına ümid edirsiniz”. Qəflətdə olan insanlardan dua qəbul olunmaz. Dua edərkən bəndə öz duasının qəbul olunmasına inanmalıdır və bilməlidir ki, Allahdan başqa heç kim bizim ehtiyaclarımızı yerinə yetirə bilməz, Allah üçün heç bir iş çətin deyil.

Bəndə duanı təvazökar və müti şəkildə, aram və ixlasla etməli, Allahı ona məxsus adlarla çağırmalıdır. Allah bəndənin hacətlərindən xəbərdar olsa belə, onun öz istəklərini dilə gətirməsini, duanı israrla və yalvararaq etməsini istəyir. Duanın qəbul olacağından əsla naümid olmaq olmaz.

Münacatdan qabaq və sonra zikr və salavatın deyilməsi bəyənilir. Həmçinin istiğfar və həmd etmək duanın qəbuluna təsir edir. Hədislərdə nəql olunur ki, Allah duanın əvvəli ilə sonundakı salavatı qəbul edərək duanın orta hissəsini geri çevirməkdən uzaq və daha kərimdir. Salavat isə qəbul olunan duadır.

Duaların qəbul olunması üçün təvəssül duası, fərəc duası, Ayət əl-Kursinin oxunulması da tövsiyə olunur.

İmam Sadiqdən (ə.s) rəvayət olunan dua: “Hər kəs on dəfə “Ya Allah” desə, ona cavab verilər “ləbbeyk (bəli) sənin hacətin nədir?””

Dua gərək Allahın hökmünə zidd olmasın, əks halda qəbul olunmayacaq. Dualar qəbul olmasa belə, bəndə duaya davam etməlidir. Bəzən Allah bəndələrinin səbrini imtahana çəkmək üçün onun hacətini gec qəbul edir. Buna görə insan deməməlidir ki: “Mənim dualarım niyə qəbul olmur”. Bəzən Allah duaların əvəzini axirətdə verir. O zaman bəndə “kaş dünyada heç bir hacətim və duam qəbul olmayaydı!”, – deyə arzu edər. Bəzən Yaradan bəndənin səsini eşitməyi sevdiyindən, onun istəyini təxirə salar. Bəzən isə bu duaların əvəzinə Allah daha yaxşısını nəsib edər.