Məscid və ziyarətgah Bakı buxtası sahilində yerləşir. Heybət məscidi 1281-1282-ci illərdə Fərruxzad ibn II Axsitanın əmri ilə inşa edilib. Abidənin memarı Mahmud ibn Səid adlı bir şəxs olub. İbadətgahın axundu Hacı Hikmət Əlizadədir.

Məscidin kitabələrində Şah Təhmasib və Şah Abbasın ziyarətgahda tikinti və abadlıq işlərinin aparılması qeyd olunub. Məscid kitabələrinin biri şərqşünas В.Dornun fondunda qalmışdır. Kitabədə yazılıb: “Bu mübarək şərəfli darvazanın bina olmasına əl-Hüseyni Şah Abbasın – Allah onun hakimiyyətini əbədiləşdirsin – qalibiyyətli hökmdarlığı vaxtında, min on səkkizinci il tarixində əmr olunmuşdur”.

1934-cü ildə Sovet hakimiyyəti kompleksi tamamilə dağıdılıb. 1998-ci ildə Heydər Əliyevin göstərişi ilə Bibi Heybət kompleksi bərpa olunub. 2008-ci ildə isə abidədə əsaslı təmir-bərpa işləri görülüb.

Məscid iki mərtəbəlidir və eyni anda üç min insanın namaz qılmasına imkan yaradır. İbadətgah iki minarə və üç günbəzdən ibarətdir. Abidənin günbəzi rəngbərəng şüşələrlə bəzədilib, iç tərəfində isə Quranın “Nisa”, “Kövsər” və “İxlas” surələri yazılmışdır.

Bibi Heybət məscidində 7-ci İmam Museyi-Kazımın (ə.s) qızı Xanım Həkimə (s.ə) və üç nəvəsi dəfn olunub. Qardaşı İmam Rzanın (ə.s) şəhadətindən sonra Həzrəti Həkimə (ə.s) Azərbaycana gəlib. Burada o, Hacı Bədir adlı ədəbli və imkanlı şəxsin himayəsində yaşayıb. Hacı Bədir xanımın təhlükəsizliyi üçün onun adını gizli saxlayırdı və bu səbəbdən onu “bibi” deyə çağırırdı. O zamandan bəri Hacı Bədirin adı “Heybət” olub. Hazırda kompleks onların adını daşıyaraq Bibi Heybət adlanır.

Tarixə görə, Xurşidbanu Natəvan ailə qurduqda bir neçə il övladı olmurdu. O, Həzrəti Həkimənin (s.ə) ziyarətinə gəlib Allahdan övlad istəyib. Oğlu dünyaya gəldikdə, körpə ilə birlikdə Xanımı yenidən ziyarət edib və oraya yol çəkdirib.

Tarixdə Quba xanı Fətəli xanın tez-tez Bibi Heybət ziyarətgahına gəlməsi də qeyd olunub. Ziyarətlərinin birində xan vəfat edib və öz vəsiyəti ilə orada dəfn olunub. Azərbaycana repressiyalar zamanı ziyarətgahın qəbiristanlığı, Fətəli xanın qəbri daxil olmaqla məhv edilib. Lakin o zamanlar bir kəs xanın mərmər başdaşını qoruyub Azərbaycanın Tarix Muzeyinə təhvil verib.

Mənbələr:

  1. Azerbaycan Respublikasi Məscidlərinin Ensiklopediyasi
  2. http://www.dqdk.gov.az
  3. Məşədixanım Nemət: Azırbaycanda pirlər
  4. Həşim Həsənoğlu: Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları