Lerikin Barzavu kəndində həmyerlisini qətlə yetirən şəxsə həbs cəzası verilib. Əsgərov Murad Gülbaba oğlu 12 il 8 ay müddətində azadlıqdan məhrum edilib. Bu barədə yanvarın 21-i Report xəbər verib.

Məlumata görə, hökm Lənkəran rayonu Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə qəbul edilib. Bildirilib ki, məhkum hökmdən narazı qalıb və apellyasiya məhkəməsinə şikayət edib. Şikayətə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən baxılıb və verilən ilkin qərar qüvvədə saxlanılıb.

Əsgərov Murad Gülbaba oğlu 2021-ci ilin aprel ayının 8-də Barzavu kənd sakini olan 40 yaşlı qadını qətlə yetirib. Hadisədən sonra cinayətkar yaxalanıb və etdiyi əməli etiraf edib.

Yerli sakinlərin sözlərinə görə, Əsgərov Murad Barzavu kəndinin tanınmış mollasıdır. Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Qəni Axundzadə bildirib ki, həmin molla idarə tərəfindən təyin olunan din xadimi deyil. “Hər mollalıq edən şəxs din xadimi sayılmır”, – QMİ rəsmisi əlavə edib.