Həftənin ən fəzilətli günü Cümə günüdür. Bu günün böyük məqamı var. “Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” [Cümə surəsi, 9].
Müsəlmanlar üçün bu gün bayram sayılır. Adəm (ə.s) Cümə günü yaradılıb, həmin gün cənnətə daxil olub və həmin gün cənnətdən qovulub. İmam Zaman ağanın (ə.f) zühur edəcəyi gün də məhz Cümə günü olacaq.
Bu gün duaların qəbul olunduğu, Allahın mərhəmət qapısının açıldığı gündür. Rəvayətlərə görə, cümə günü qılınan namazlar, oxunulan Quran ayələri daha fəzilətli və xeyirlidir.
Hədislərə əsasən, bu günün hər saatı Allah cəhənnəmdən 600 min bəndəni azad edər. Kim cümə axşamının zöhr namazından cümə gününün zöhr namazına kimi dünyadan köçərsə, Allah onu qəbir əzabından uzaq edər.
Cümə günü bəyənilən əməllər: Cümə qüslü almaq, dırnaqları kəsmək, dişləri fırçalamaq, təmiz və gözəl paltar geyinmək və ətir vurmaq.
İmam Əli (ə.s) buyurub: “Cümə gününün fəzilətlərindəndir ki, hər kim o gün Allahdan hacət istəyər, böyük Pərvərdigar onu yerinə yetirər. Əgər kimsə əzaba layiqdirsə, cümə günü və gecəsi dua edərsə, Allah onu həmin əzabdan qurtarar”.
Müstəhəb hesab olunan əməllərdən biri də Cümə duasını oxumaqdır.
Bu gün Quranın aşağıdakı surələrini oxumaq fəzilətlidir:
Yasin, Vaqiə, Nəbə, Kəhf, Hud, Duxan, Fatihə və Cümə surələri.
Cümə gecəsi bəyənilən əməllər: Çoxlu istiğfar etmək və salavat demək, təsbihati ərbəəni (Sübhənallah, Əlhəmdulilləh, Lə iləhə illəllah, Allahu Əkbər) çoxlu təkrarlamaq, möminlər üçün dua etmək.
İmam Sadiq (ə.s) buyurub: “Cümə gecəsi fəzilət baxımından gündüzü kimidir. Həqiqətən, Allah Təala cümə gecəsi mələkləri möminlərə hörmət etmələri üçün birinci səmaya göndərər ki, xeyirlərini artırıb, günahlarını bağışlasın. Ona görə də nə qədər bacarırsınızsa, cümə gecəsini oyaq qalın. Səhərə qədər dua edin”.