Cəmiyyətdə yayılmış böyük fəsadlardan biri siqaretdir. Bu vərdiş hətta müsəlmanlar arasında da geniş yayılıb. Bəs İslam şəriətində siqaretin istifadəsi barədə hansı məhdudiyyətlər tətbiq olunub? Bu haqda müctəhidlərin fətvalarına müraciət edə bilərik.
Ayətullah Seyyid Sistaninin hökmünə əsasən, sağlamlığa ciddi zərər olmadığı təqdirdə siqaret çəkmək icazəlidir. Siqaretin onun istifadəsinə yeni başlayan şəxsi, hətta gələcəkdə belə olsa, ciddi təhlükələrə məruz qoyacağı halda, həmin şəxsə siqaret çəkmək haramdır. İstər təhlükənin mövcudluğu faktlara əsaslansın, istərsə sağlam düşüncə sahiblərinin nəticələrindən qorxduğu ehtimala. Lakin ciddi təhlükədən qorunarsa, məsələn həddən ziyadə çəkmədiyinə (yaxud nadir hallarda çəkdiyinə) görə sağlamlığına ciddi təhlükə törətməzsə, icazə verilir. Bu hökm qəlyan çəkməyə də aid edilir.
Ayətullah Məkarim Şirazi isə məsələyə fərqli yanaşır. Onun verdiyi hökmə əsasən, bütün tütün məmulatlarının çəkilməsi istənilən halda haramdır.
Ayətullah Xamenei və Vahid Xorasani Seyyid Sistani ilə həmfikirdirlər. Əli Xamenei, hətta tütün məmulatlarının insana ciddi zərər vuracağı halda onun alqı-satqısını da haram hesab edir.
Ayətullah Xoyi kimi keçmiş alimlərin bəziləri tütün məhsullarından istifadə edib. İnternetdə Ayətullah Xamneinində tənbəkidən istifadə etməsi haqda yetərincə fotolar var. Lakin deyilənə görə o, bu vərdişdən uzaqlaşıb.
Burada bir məsələni də qeyd etmək yerinə düşərdi. Şəriət bir sıra şeylərə icazə verir. Lakin məsələnin əxlaqi tərəfindən buna baxdıqda görərik ki, həm Peyğəmbər (s), həm də İmamlar (ə.s) bu kimi əməllərdən uzaq olublar. Halbuki tütün məmulatları onların dövründən əvvəl də insanlar tərəfindən istifadə edilib.