20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi torpaqları və ölkəmizin azadlığı uğrunda apardığı mübarizənin qarşısını almaq üçün sovet hakimiyyəti tərəfindən törədilən qətliam idi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin baş katibi Mixail Qorbaçovun əmri ilə sovet ordusu Bakıya və digər rayonlara daxil olub.

Sovet qoşun hissələri dinc əhaliyə qarşı ağır texnikadan və silahlardan istifadə etmişdir. Beləliklə, Bakıda və digər bölgələrdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdır. Ölən və yaralananlar arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Ümumilikdə, Azərbaycanın “20 Yanvar şəhidi” adını alan 150 nəfəri var.

Sovet ordusunun qəddarlığına və Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, xalqımız 1990-cı il yanvarın 22-də  Bakının “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinə matəm yürüşü keçirmişdir. Şəhidlər xiyabanındakı dəfn mərasimində yüz minlərlə insan iştirak etmişdir.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim yad edir. Hər il faciənin ildönümü, yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Allah şəhidlərimizə rəhmət eləsin!