İlahiyyatçı Hacı İlqar İbrahimoğlu Əlixan Rəcəbovun filmlə bağlı açıqlamasına münasibət bildirib. Bu barədə din xadimi yanvarın 18-i öz youtube kanalında video paylaşıb.
Hacı İlqarın sözlərinə görə, filmin janrını bəhanə etmək düzgün deyil. Ola bilər, satirik janr istəyi olub, lakin bu təhqirə gətirib çıxarmamalı idi. Din xadimi xurafat mövzusuna toxunaraq bildirib ki: “İlk öncə xurafat və inancın elementlərini tam bilmədən bunların qarışdırılması baş verib”.
İlahiyyatçı əlavə edib ki, din mövzusunda söyüş və parazit sözlərin yeri yoxdur. “Düşünürəm ki, bunun həm də qiyamət sorğulanması var. Mən Allahdan istəyirəm ki, filmin yaradıcı heyəti bunun fərqinə varsın”.
Son günlər sosial şəbəkələrdə filmin youtube-dan silinməsi tələb edilir. “Əslində bu film nə qədər efirdə qalarsa, onların aqibət və axirətlərinə mənfi təsir göstərəcək”, – deyə Hacı İlqar əlavə edib. Hacı İlqarın sözlərinə görə, inanclı mühitin narazı qalması başa düşüləndir.
Yanvarın 16-sı Əlixan Rəcəbov çəkdiyi filmlə bağlı ilahiyyatçı Hacı Şahinlə görüşüb. Onlar filmə edilən tənqidləri birlikdə müzakirə ediblər. Din xadimi filmin yaradıcı heyətinin kiminsə inancına toxunmaq niyyətində olmadığını əlavə edib. Belə ki, onlar inanclı insanların da adını bədnam edən ünsürləri ifşa etməyi hədəfləyiblər.