Bu gün Azərbaycanda İslam elmləri üzrə yerli ədəbiyyat azlıq təşkil edir. Bu mövzuda olan kitabların əksəriyyəti xarici dillərdən tərcümə olunmuş əsərlərdir. Sirat.az yerli kitabların azlıq təşkil etməsi səbəbləri haqda məqalə hazırlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Nahid Məmədovun sözlərinə görə, yerli ədəbiyyatın az olmasının bir sıra səbəbi var. Bunlardan başlıcası dini təhsil almaq üçün xaricə gedən tələbələrin sonradan həmin ölkədə qalmasıdır. Bu kimi hallar dəfələrlə müşahidə olunub. Belə ki, tarixdə Lənkəranilər, İrəvanilər, Bakuvilər və digər tanınmış İslam alimləri olub. Lakin onların əksəriyyəti fəaliyyətlərini təhsil aldığı ölkədə davam ediblər. Şöbə müdiri belə halların indi də baş verdiyini qeyd edib.

Bu gün İslam mövzusunda satışda olan kitabların çoxu İraq, İran, Suriya, Livan və bir sıra digər ölkələrin alimləri tərəfindən yazılan əsərlərdir. Üstünlüyü isə iranlı və orada yaşayan azərbaycanlı alimlər təşkil edir. Ötən il ərzində 20 cilddən artıq kitab fars dilindən Azərbaycan dilinə tərcümə olunub. Tək fars dilindən tərcümə olunan kitabların ümumi sayı 1500-ə yaxındır.

2020-ci ilin iyulun 28-də ilahiyyatçı Hacı Şahin Həsənlinin “Haradan başlamalı” adlı ilk kitabı nəşr olunub. Həmçinin din xadimi Hacı Ramil Bədəlovun “Quranla yaşamaq” kitabı oxuculara təqdim olunub. Hazırda dərin fəlsəfi, şəri və irfani mövzularda kitab yazmaq hələ də mümkün deyil. Bu istiqamətdə inkişaf üçün işlər aparılır.

Şəriət elmləri üzrə əsər yaratmaq üçün ictihad dərəcəsi tələb olunur. Bunun üçün isə Azərbaycanda verilən dini təhsil yetərincə inkişaf etməyib. Ölkədə İlahiyyat İnstitutu və bir neçə mədrəsə fəaliyyət göstərsə də, göründüyü kimi, bu, məsələnin həllinə kifayət etmir.