Sezen Aksuya İslam dinini təhqir etməsinə görə cinayət işi açılıb. İfaçı “Şahane bir şey yaşamaq” adlı yeni mahnısına görə Ankara Baş Prokurorluğuna şikayət olunub. Bu barədə yanvarın 18-i Qafqazinfo xəbər verib.

Mahnının sözlərində  “Salam söyləyin o cahil Həvva ilə Adəmə” ifadələri yer alıb. Bir qrup dini dərnəklər müğənninin bu sözlərinin dindarları gözdən salmaq məqsədi daşıdığını hesab edir. Şikayətçi tərəfin vəkili Mikail Yılmazın sözlərinə görə, dini dəyərləri təhqir etmək cinayətinin elementlərini təşkil edən ifadələri söz azadlığı kimi qiymətləndirmək mümkün deyil.

Müğənniyə qarşı tənqidlərə bir sıra siyasətçi də qatılıb. Lakin Mustafa Sandal, Ceylan Ertem və bir sıra digər sənətçilər Sezen Aksuya qarşı etirazla razı deyillər. “Dar siyasi pəncərələrdən izləyib şərhlər verirlər”, – deyə müğənni Ömer Zülfü öz twitter hesabında paylaşım edib.

Sezen Aksunun “Şahane bir şey yaşamaq” adlı klipi dekabrın 30-u izləyicilərə təqdim olunub.